MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-nın komitə iclasında Azərbaycan xalqının maraqlarına zidd olan bəyanat qəbul edilmədi

13:35 15.10.2020



Dünən AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin iclası keçirilib. Mən və həmkarım Erkin Gadirli iclasda iştirak etdik. İclasın ölkəmiz üçün əhəmiyyəti vacib idi, çünki “Dağlıq Qarabağdakı vəziyyətlə” bağlı bəyanatın qəbul edilməsi nəzərdə tutulurdu və bu bəyanat Azərbaycan xalqının maraqlarına zidd idi.
Bəyanatda 4 vacib problem var idi.
Birincisi Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi kimi göstərilmirdi. Sadəcə Dağlıq Qarabağ regionu kimi qeyd edilirdi. Bunun həm hüquqi həm də siyasi baxımından səhv olduğunu və beynəlxalq hüquqa, o cümlədən Avropa Şurasının PA-nın qətnamələrinə zidd olduğunu bildirdik.
İkinicisi, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi qeyd edilsə də, BMT Təhlükəsizlik Şurasının qətnamələri göstərilmirdi. Biz isə bildirdik ki, sülh yolu ilə həll yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində əldə edilə bilər.
Üçüncüsü, hazırki vəziyyətdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı münaqişədə 3-cü tərəflərin iştirak etməməsinə çağırış edilirdi. Lakin təkcə Türkiyənin adı xüsusilə qeyd edilirdi.
Bununla bağlı qeyd edildi ki, Türkiyə bizim qardaş ölkədir, dəstəyi də yalnız mənəvi dəstəkdir. Dağlıq Qarabağda 3-cü tərəflərin iştirakı ilə bağlı iddiaları ilk dəfə Fransa Prezidenti Makron səsləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Makrondan sübutları təqdim etməsini, bütün dünya ilə paylaşmasını istəyib. Lakin Makrondan hələ də xəbər yoxdur. Erkin Gadirli isə arqumentləri səsləndirdi.
Sonuncu ən vacib problem, yeni – beynəlxalq monitorinq missiyasının yaradılması təklif edilirdi. Monitorinq missiyasının məqsədi isə Dağlıq Qarabağda insan hüquqlarının pozulması ilə bağlı məlumatların toplanmasıdır.
Burda məqsəd, ermənipərəst ekspertlərin beynəlxalq missiyanın tərkibinə daxil edilməsi və əldə edilmiş məlumatları “müstəqil” mənbə kimi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etməkdir.
Bununla bağlı Gəncədə baş vermiş müharibə cinayəti ilə bağlı məlumat verdik, qeyd etdik Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir və münaqişə zonasından çox uzaqdır. İndi sizin düşüncə ilə Gəncə də Dağlıq Qarabağdır? Elə deyilsə, Xankəndində insanların hüquqları nə üçün Gəncədə öldürülmüş insanların hüquqlarından fərqli və ya üstündür?
Digər bir məsələ isə biz yeni bir monitorinq missiyasının yaradılmasının əleyhinəyik. Çünki indiyə kimi çox monitorinq missiyası yaradılıb və bir nəticəsi yoxdur. Bu günə qədər 1 milyona yaxın azərbaycanlının hüquqları ilə maraqlanmayan Avropa Şurası tərəfindən yeni bir mexanizmin yaradılmasını düzgün hesab etmirik. Düşünürük ki, bu ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı qarışıqlıq yarada bilər. Belə bir missiya, keçmişdə olduğu kimi yalnız ATƏT çərçivəsində həyata keçirilə bilər.
Geniş müzakirələr oldu, fərqli fikirlər oldu. Lakin yekunda bu bəyanat qəbul edilmədi. Hesab edirəm ki, nümayəndə heyətinin rəhbəri Səməd müəllimin rəhbərliyi ilə Erkin müəllimlə birgə yaxşı komanda işi qura bildik və uğurlu da alındı.
Ermənilər cəbhədə olduğu kimi, beynəlxalq təşkilatlarda da bu cür təxribatlara əl atırlar. Bütün cəbhələrdə isə cavabımız birdir.
Qarabağ Azərbaycandır!