MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, insan hüquqları sahəsində tanınmış Dr. Zaur Əliyevlə görüş keçirildi

10:11 25.11.2022



Dünən Şərqi Avropanın ən böyük hüquq fakültəsi olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, insan hüquqları sahəsində tanınmış Dr. Zaur Əliyevlə görüşdüm. Görüşdə hüquq fakültəsinin gələcək fəaliyyəti və ELSA Azerbaijan təşkilatı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə etdik. ELSA Azərbaycan təşkilatının fəaliyyətinə göstərdiyi xüsusi diqqət və dəstəyə görə Zaur müəllimə bir daha minnətdarlığımı bildirirəm.
Daha sonra hüquq fakültəsinin tələbələri ilə görüşdük. Gənc hüquqşünas tələbələrə özümün vaxtilə edə bilmədiyim ancaq indiki düşüncəm olsa idi etmək istəyəcəyim tövsiyələri verdim. Həmin fikirləri burada da paylaşıram.
Əziz dostlar,
1-cisi xüsusi həvəs göstərdiyiniz və ya ixtisaslaşmaq istədiyiniz sahələr üzrə Edx, Udemy və digər resurslardan istifadə edərək biliklərinizi artırın. Hazırda korrupsiyanın sosiologiyası üzrə məqalələr oxuyuram. Ancaq bəzən vaxtım olsa da, enerjim olmur.
2-cisi 4 illik təhsil müddətində əlavə bir xarici dil öyrənin. Mən sonradan əlavə dil olaraq fransız dilini öyrəndim, yaşım gənc olsa da bu yaşda mənə bir qədər çətin gəldi. Hesab edirəm ki, hüquq tələbələri rus və ingilis dillərini mükəmməl bilməli, əlavə dil olaraq da fransız, alman və ya çin dili öyrənə bilərlər.
3-cüsü aktiv idmanla məşğul olun. Asudə vaxtım olanda stolüstü tennis oynayıram.
Mən indi qeyd edəcəyim istiqamət üzrə aktiv olmuşam. Fəaliyyətim əsasən ELSA və Avropa Gənclər Parlamenti beynəlxalq təşkilatlarının Azərbaycan nümayəndəliklərinin təsis edilməsi və gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində olub. Misal üçün Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin Əsasnaməsini digər həmtəsisçilər, dostlarım Elşən və Xanlarla birgə yazmışıq. Ümumilikdə tövsiyəm ondan ibarətdir ki, ELSA Azərbaycan təşkilatının imkanlarından tam istifadə edin. Misal üçün Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsində iştirak edin, beynəlxalq ELSA jurnalı üçün məqalə yazın və s. Bu istiqamətdə ən mühüm addım isə ELSA-nın ölkəmizdəki və xaricdəki tədbirlərində iştirak edərək yeni dostluqlar qurun, yeni əlaqələr yaradın, kommunikasiya bacarıqlarınızı inkişaf etdirin.
Hər birinizə uğurlar!