MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Dövlət İdarəçilik Akademiyasında “Hüquq ədəbiyyatı kitabxanası” yaradılıb

09:53 13.02.2022



Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Vəkillər Kollegiyası və “Black Garden” konsultasiya şirkətinin dəstəyi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsi üçün “Hüquq ədəbiyyatı kitabxanası” yaradılıb.

Kitabxananın kitabla təminatı isə BP Azərbaycan şirkəti tərəfindən həyata keçirilib.

Qonaqları salamlayan Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində qazanılan uğurlar bir sıra beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Rektorun sözlərinə görə, kitabxananın əhəmiyyəti həm tələbələr, həm də Akademiya üçün əvəzsizdir: "Bu baxımdan Vəkillər Kollegiyasının sədri Anar Bağırova, Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirm. Çünki, harada bilik varsa, orada inkişaf var. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində tam yeni texnologiyalar tətbiq edib. Hansı ki, bu, dünyanın heç bir yerində yoxdur. Hesab edirəm ki, görülən bu işlər Azərbaycanın gələcəyinə qoyulmuş sərmayədir".

Sonra çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Milli Məclisin deputatı Kamal Cəfərov tərəfindən kitabxananın yaradılması ilə bağlı irəli sürülən təşəbbüsün təqdirəlayiq olduğunu qeyd edib: "Vəkillər Kollegiyası olaraq, bütün vəkil korpusu adından bildirmək istəyirəm ki, biz bu cür layihələri hər zaman dəstəkləyəcəyik. Ümumiyyətlə, Vəkillər Kollegiyası son illər ərzində islahat yolunu tutub. Biz Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Bu əməkdaşlıq istiqamətləri müxtəlifdir. Biz həm tələbələrin istehsalat təcrübəsinin seçilməsinə kömək edirik, həm də müəllimlərin praktik biliyinin artırılmasına şərait yaratmışıq. Sevindirici haldır ki, Akademiyanın aşağı kurs tələbələri də Vəkillər Kollegiyasında istehsalat təcrübəsini öyrənirlər. Hesab edirəm ki, Vəkillər Kollegiyası hüquqşünas yetişdirən bütün ali təhsil müəssisələri ilə bundan sonra da əməkdaşlıq edəcək".

Tədbirdə Milli Məclisin deputatları - Soltan Məmmədov, Bəhruz Məhərrəmov və Ramin Məmmədov da iştirak ediblər.

Tədbir iştirakçıları DİA-nın nəzdində fəaliyyət göstərəcək “Hüquq ədəbiyyatı kitabxanası” ilə tanış olublar.

Qeyd edək ki, DİA-da müasir tələblərə cavab verən kitabxana infrastrukturu formalaşdırılıb və tələbə, magistr və doktorantlar üçün rahat iş şəraiti yaradılıb. Bu gündən istifadəyə verilən “Hüquq ədəbiyyatı kitabxanası” isə hüquq ixtisası üzrə təhsil alan tələbələr üçün faydalı mənbə olacaq.