MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Kamal Cəfərovun hazırladığı qətnamənin AŞPA tərəfindən qəbulundan sonra Böyük Britaniya Hökuməti yeni qanun layihəsini geri götürdü

10:33 03.07.2023



AŞPA-nın İnsan hüquqları üzrə Alt-komitəsinin sədri Kamal Cəfərovun hazırladığı qətnamənin AŞPA tərəfindən qəbulundan sonra Böyük Britaniya Hökuməti insan hüquqları ilə bağlı parlamentə təqdim etdiyi yeni qanun layihəsini geri götürüb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının rəsmi tvitter səhifəsində məlumat verilib.

İyunun 27-də Böyük Britaniyanın ədliyyə naziri Aleks Çolk parlamentdə sual-cavab zamanı deputatlara bildirib ki, insan hüquqları ilə bağlı irəli sürdükləri və birinci oxunuşdan keçmiş yeni qanun layihəsi təşəbbüslərini davam etdirməmək qərarına gəliblər.

AŞPA-nın sonuncu yay sessiyasında deputat Kamal Cəfərovun müəllifi olduğu qətnamədə qeyd edilir ki, Böyük Britaniya hökuməti yeni qanun layihəsi ilə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, xüsusilə pozitiv öhdəliklər, xaricdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı pozulmuş insan hüquqlarının ölkə daxilində bərpası mexanizmi, Avropa İnsan Hüquqları Məhkəməsinin aralıq qərarlarının icrası kimi öhdəliklərini pozmaq riski ilə üzləşə bilər.

AŞPA tərəfindən qəbul edilmiş qətnamədə Böyük Britaniya Hökuməti tərəfindən parlamentə təklif olunan bütün qanunvericilik təşəbbüslərində qanunun aliliyinə və xüsusilə Böyük Britaniyanın beynəlxalq hüquqi öhdəliklərinə hörmətin təmin edilməsi üçün adekvat mexanizmin təmin edilməsinə çağırış edilir. Qeyd edilir ki, parlamentə təqdim edilən bütün qanun layihələrinə əlavə olaraq həmin layihənin insan hüquqları daxil olmaqla beynəlxalq hüquq və qanunun aliliyinə uyğunluq qiymətləndirilməsi həyata keçirilməlidir. Bu cür qiymətləndirməni isə hökumətdən kifayət qədər müstəqil olan və qanunun aliliyinə dair obyektiv məsləhətlər verə bilən sturktur həyata keçirilməli və ictimaiyyət də bu barədə vaxtında məlumatlandırılmalıdır.

Qeyd edək ki, deputat Kamal Cəfərov bu qətnamənin qəbulundan qabaq cari ilin mart ayında AŞPA-nın Hüquq Komitəsinin verdiyi mandat əsasında Böyük Britaniyaya səfər etmiş, ədliyyə naziri, deputatlar, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşlər keçirmişdir.

Görüşlərin nəticəsində əldə etdiyi məlumatlar əsasında hazırladığı qətnamə AŞPA tərəfindən qəbul edilmiş və plenar iclasda müzakirələr zamanı hətta Böyük Britaniyadan olan Ceremi Korbin kimi nüfuzlu deputatlar tərəfindən yüksək qiymətləndirilmişdir.