MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Karantin müddətində daxil olan vətəndaş müraciətlərinin ilkin statistikası

16:00 02.06.2020



Əziz Sabirabadlılar,
Sizlərə məruzə etmək istərdim ki, karantin müddətində sizlərlə mütəmadi telefon əlaqəsi yaratmışam. Sizləri narahat edən məsələləri təhlil edib, aidiyyəti dövlət qurumları ilə həllinə nail olmağa çalışmışıq.
Karantin müddətində ümumilikdə 190 müraciət daxil olub, 152 vətəndaşla şəxsən telefon əlaqəsi yaratmışam. Daxil olmuş müraciətlərdən 79-u mərkəzi icra hakimiyyəti orqanlarına, 14-ünü isə yerli icra hakimiyyəti orqanına ünvanlamışıq. 29 müraciət öz müsbət həllini tapıb, 75-i isə icraatdadır. Daxil olmuş müraciətlərin ümumi xarakteristikası və nəticəsi ilə bağlı canlı yayım vasitəsilə rüblük hesabat verəcəm.
Bildiyiniz kimi, karantin müddətində müəyyən məhdudiyyətlərlə bağlı olaraq, rayonumuza səfər etməyimiz mümkün olmamışdır. Lakin karantin rejiminin yüngülləşdiyini nəzərə alaraq, 6 iyun tarixində saat 10-dan axşam saat 6-ya qədər Heydər Əliyev Mərkəzində Sizlərin qəbuluna gələcəm. Əlbətdə bu görüşlər bundan sonra mütəmadi olacaq, bir ay ərzində ən azı 3 dəfə rayona gələcəm.
Karantin qaydalarını nəzərə alaraq, bir neçə təklifimiz var. Birinci qəbuldan qabaq Sizlərdən xahiş edirəm ki, köməkçim Varislə telefon əlaqəsi (055 575 75 00) yaradın, qabaqcadan görüşün dəqiq vaxtını müəyyən edək. Bir saat ərzində 4 və ya 5 nəfər vətəndaşın qəbulu nəzərdə tutulur.
Məqsəd isə Sizlərin rahatlığının təmin edilməsi, sosial məsafə qaydalarına əməl edilməsi və süni sıxlığın yaradılmamasıdır. Bununla yanaşı görüşə gələn hər bir vətəndaşa tibbi maska da veriləcək. Hər birinizdən xahiş edirəm ki, karantin qaydalarına ciddi əməl edək.