MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş keçirilib

10:23 13.11.2020



Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
Parlamentdən Trend-ə verilən məlumata görə, görüşdə işçi qrupun rəhbəri Soltan Məmmədov qeyd edib ki, Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 2010-2017-ci illərdə bu qrupa hazırda Azərbaycanın I vitse-prezidenti olan Mehriban xanım Əliyeva başçılıq edib. Heydər Əliyev Fondunun xətti ilə Fransada bir sıra mühüm layihələr həyata keçirilib. VI çağırış Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna 20 deputat daxildir.
S.Məmmədov daha sonra Azərbaycanın Vətən müharibəsi haqqında qonaqlara məlumat verərək deyib ki, sentyabrın 27-də işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizə hücumundan sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu qısa müddətdə uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın xeyli hissəsini azad etdi. Təəssüf ki, həmin günlərdə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa neytrallığını qoruya bilməyib və birtərəfli mövqe ifadə edib. Bu da Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub.
İşçi qrupun rəhbəri erməni silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizdəki dinc yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətlər barədə konkret faktları qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber həmin günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya və təbliğati işlər barədə danışıb. O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.
Sonra görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale fikirlərini bölüşüb, bəzi həmkarlarının laqeyd və ya birtərəfli mövqeyinə görə təəssüflərini ifadə edib. O vurğulayıb ki, dostluq qruplarının vəzifəsi belə hallarda öz münasibətini bildirməkdir. M.Viale 10 noyabrın Azərbaycan tarixində mühüm hadisə olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, fransız deputatların Gəncəyə və Bərdəyə nəzərdə tutulmuş səfərləri baş vermiş hadisələri yerindəcə öz gözləri ilə görüb obyektiv gerçəkliklə tanış olmağa imkan verəcək.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, dostluq qruplarının əməkdaşlığının daha da möhkəmlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.