MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"DAG" layihəsi çərçivəsində seçilmiş şagirdlərlə görüş

10:56 19.01.2021



Əziz Sabirabadlılar,
Bildiyiniz kimi, Kapital Bank-ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali təhsil müəssisələrinə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayından sosial layihəyə başlamışıq. Layihəyə əsasən 11 nəfər 11-ci sinif şagirdi Şirvanda yerləşən “Kainat” Tədris Mərkəzində ali təhsil müəssisələrinə daxil olmaq üçün ödənişsiz hazırlıq kurslarında iştirak edirlər. Həmin şagirdlərin bütün xərcləri layihə çərçivəsində qarşılanır.
Dünən “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar müəllimlə birlikdə tədris mərkəzinin Şirvan fialialının müəllim heyəti ilə görüşümüz oldu. Görüşdə şagirdlərin əldə etdikləri nəticələri, sınaq imtahanlarında yığdıqları balı, ümumi hazırlıqlarını müzakirə etdik. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hazırda sınaq imtahanlarından 577, 431, 400, 339 bal yığan şagirdlərimiz var.
Daha sonra 11 şagirdin hər biri ilə individual görüş keçirdik. Müəllimlərin bildirdikləri rəy və təklifləri onlara çatdırdıq. Onları narahat edən bütün məsələləri, o cümlədən şəxsi və ailə ilə bağlı məsələləri qeyd etdim. Çalışacağam ki, həmin məsələlər də qısa zamanda həll olunsun ki, həmin şagirdlər bütün diqqətini təhsilə yönəltsin.
Həm müəllimlərlə görüş, həm də şagirdlərin cari hazırlığını nəzərə alaraq, bildirmək istəyirəm ki, hamımızda böyük əminlik var ki, 11 şagirdin hər biri ali təhsil müəssisəsinə daxil olacaq, hətta bir neçə şagird 500 və 600 balı keçəcək. Hər birinə uğurlar arzu edirəm.