MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2022-ci il üzrə hesabat

14:37 04.01.2023



Əziz Sabirabadlılar, 2020 və 2021-ci illər ərzində hesabatımı təqdim etmək üçün 200 səhifəyə yaxın slayd hazırlayırdım. Həmin slaydların hamısını həm nəzərdən keçirmək həm də istədiyiniz anda istədiyiniz sahə ilə bağlı fəaliyyətimə keçid etmək mürəkkəb idi. Ona görə də indi sadəcə www.63dp.az internet səhifəsinə daxil olmaqla, sol tərəfdəki prioritet istiqamətlər üzrə 2022-ci ildəki fəaliyyətimlə tanış ola bilərsiniz.
Qısa olaraq qeyd etməliyəm ki, 2022-ci ildə də məsuliyyətlə, vicdanla və peşəkarlıqla fəaliyyət göstərməyə çalışmışam. 2022-ci ildə Sabirabadlı gənclər üçün həyata keçirdiyimiz #SabirArt, "Sabirabad Rəqəmsal İnkişaf" layihəsi, "Düşünən Azərbaycan Gənci" layihəsi, o cümlədən "Muğan Ağır Atletika" klubunun açılması ən uğurlu fəaliyyətlərdən oldu. Eyni zamanda "DünyaGöz" xəstəxanası dəstəyi ilə həyata keçirilən ödənişsiz göz əməliyyatları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sabirabadlı qazi qardaşımız üçün tikilən yeni ev ən xeyirxah işlərdən oldu.
Əlbətdə çoxlu çətinliklər də oldu. Misal üçün sosial yardım və işlə bağlı çoxlu müraciətlər aldıq. Onların hər birini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdik. Bəzi seçicilərim işə qəbul olsa da, əksəriyyəti işə girə bilmədi. Səbəbi isə işsizlik sayının çox olması və iş yerlərinin az olmasıdır. Digər çətinlik isə bəzi seçicilərimin işə qəbul üçün tələb olunan bilik və bacarığa sahib olmamasıdır.
Sadəcə istəyirəm ki, əmin olasınız ki, mənə göndərdiyiniz hər bir müraciətə məsuliyyətlə yanaşıram, dərhal aidiyyəti qurumlara deputat sorğusu göndərirəm. Daha sonra isə şifahi müraciətlər edirəm. Eyni zamanda Sabirabad rayonun problemləri ilə aidiyyəti qurumların rəhbərləri ilə görüşüb, həmin problemləri qaldırıram. Əlbətdə müsbət həll olunan və olunmayan məsələlər olur. Ancaq istənilən halda həmişə cəhd edirəm.
Bu il də cəhd edəcəyəm və çalışacağam ki, rayondakı işsiz gənclərin məşğulluğuna müxtəlif layihələrlə dəstək olmağa çalışacağam.