MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Sabirabadlı gənclər Heydər Əliyevin siyasi irsini öyrənirlər" - Respublika qəzeti

16:19 25.08.2023



 

Millət vəkili Kamal Cəfərovun təşəbbüsü və "PAŞA Holding" MMC-nin dəstəyi ilə baş tutan "Heydər Əliyev Siyasi Məktəbi" layihəsi uğurla davam edir. Sözügedən layihə ümummilli lider Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyasi hazırlığını yüksəltmək məqsədi daşıyır. Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyətinin 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda öyrənilməsi nəzərdə tutulub. Bundan başqa, ulu öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada görüşlərin təşkili də layihənin bir hissəsidir. Bu günədək üç mərhələsi həyata keçirilən layihənin ilkin dövrü Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), 2-ci dövrü dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), 3-cü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), 4-cü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), 5-ci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və 6-cı dövr isə ulu öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edir.

Açılışı Naxçıvan şəhərində baş tutan layihənin ilkin mərhələsi bir sıra məqamlarla yadda qalıb. Belə ki, Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin gənclik və tələbəlik illəri barədə gənclərə məlumat verib.  Layihə iştirakçıları, həmçinin Heydər Əliyevin tələbəlik və gənclik illərini əks etdirən eksponatlar, materiallarla tanış olub, onun təşəbbüsü ilə inşa edilən obyektlərə baş çəkiblər. İlkin mərhələdə yaddaqalan digər bir məqam isə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışdığı zaman onun köməkçisi olmuş Ramiz Məmmədovun sabirabadlı gəncləri ulu öndərin iş otağı ilə tanış etməsi idi. İlkin mərhələ ilə bağlı fikirlərini bölüşən layihə iştirakçısı, YAP Sabirabad rayon təşkilatının üzvü Nicat Ağayev bildirib ki, ulu öndərin fəaliyyəti dövründə gördüyü işlər bizim bu gün azad və firavan yaşamağımız üçün təməldir: "Heydər Əliyev Muzeyində saxlanılan Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi də məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır".

Layihənin 2-ci mərhələsində sabirabadlı gənclərə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti ilə bağlı məlumat verilib. Burada ən yaddaqalan məqamlardan biri DTX-nın fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayevin Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışarkən həyata keçirdiyi "Naturalist", "Duel", "Axito", "Alagöz" əməliyyatları barədə danışması idi. Daha sonra layihə iştirakçıları Akademiyanın muzeyi ilə tanış olublar. İkinci mərhələ ilə bağlı fikirlərini bölüşən layihə iştirakçısı, YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə öz təəssüratlarını bölüşüb: "Layihənin ikinci mərhələsi ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti ilə bağlı idi ki, biz DTX Akademiyasını ziyarət etdik. Burada ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan muzeyə baş çəkdik, sərgilənən eksponatlarla, arxiv materialları ilə tanış olduq".

Layihənin 3-cü mərhələsi Sabirabad şəhərində baş tutdu. Bu mərhələdə Azərbaycanın sabiq Baş naziri, xarici işlər naziri Həsən Həsənov Sabirabad şəhərində ulu öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri və Sovet Azərbaycanının iqtisadiyyatına, mədəniyyətinə, ədəbiyyatına verdiyi misilsiz töhfələrdən söz açıb. Bundan başqa, tanınmış pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova layihə iştirakçıları ilə görüşündə ümummilli liderlə bağlı xatirələrini gənclərlə bölüşüb. Layihə iştirakçısı, YAP Sabirabad rayon təşkilatı fəalı Ceyran Xəlilova  üçüncü mərhələ ilə bağlı təəssüratlarını belə ifadə edir: "Pambıqçı Fatma Hüseynova ilə görüşdük, o, gözəl çay süfrəsi hazırlamışdı və süfrə arxasında ulu öndərimiz Heydər Əliyevlə bağlı xatirələrini bizimlə bölüşdü. Fatma xanım bildirdi ki, o məni öz qızı bilirdi və öz həyat yoldaşı Zərifə xanıma belə demişdir ki, mənim bir qızım yox, iki qızım var. Fatma xanım dedi ki, Heydər Əliyev kənd təsərrüfatını yaxşı bilirdi, əkin sahəsinin hər tərəfini gəzir, detallara xüsusi əhəmiyyət verirdi. O, həm də çox mərhəmətli insan idi. Həmişə onların qayğıları ilə şəxsən maraqlanır, onların taleyinə biganə qalmırdı".

Qeyd edək ki, layihənin hər bir mərhələsinin ikinci hissəsində "Yüksəliş" müsabiqəsi ilə əldə edilən razılaşmaya əsasən qaliblər tərəfindən iştirakçılara fərdi inkişaf proqramı keçirilir. Beləliklə, qaliblər müsabiqə zamanı əldə etdikləri bilik və bacarıqları region gənclərinə ötürməklə "Yüksəliş" müsabiqəsinin növbəti faydalılıq həlqəsini formalaşdırırlar. Layihənin maraqlı və yaddaqalan şəkildə həyata keçirilməsində Milli Məclisin deputatı Kamal Cəfərov və "PAŞA Holding" MMC-nin təşəbbüsü və dəstəyi xüsusi vurğulanmalıdır.

Nəzrin ELDARQIZI,

"Respublika".

 

Qəzet buraxılışının online formatına keçid.