MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadlı gənclər Heydər Əliyevin izi ilə - II hissə

09:42 23.08.2023



Milli Məclisin deputatı Kamal Cəfərov və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin iştirakçıları Ulu Öndərin fəaliyyəti ilə bağlı təəsüratlarını bizim redaksiya ilə paylaşıb.

Müsahibənin 1-ci hissəsi ilə bu linkdən tanış ola bilərsiniz.

Layihə iştirakçısı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı Murad Həsənli:

Layihənin orijinallığı onda ibarətdir ki, Heydər Əliyevin bütün həyat fəaliyyəti ələ alınmış, onunla işləmiş və ünsiyyətdə olmuş insanlarla görüşlər keçirilir. Digər tərəfdən layihənin mənə görə ən əsas üstünlüyü onda idi ki, Heydər Əliyevlə birgə işləmiş müxtəlif insanlarla gənclərin birbaşa görüşünün təşkili idi.

Məsələn, layihənin bir mərhələsində tarix elmləri doktoru, keçmiş xarici işlər naziri Həsən Həsənovla bizlərin görüşü sadəcə bir görüş deyildi. Bu əslində nəsillərin dialoqu idi. Mən bu prosesi həmişə ciddiyə almışam. Layihənin iştirakçıları mövcud sosiumu təmsil edirdi. Onlar arasında gənc siyasətçi, elm adamı, həkim, müəllim və tələbələrdə vardı. Heydər Əliyevlə birgə çalışmış insanlar bizlərə yalnızca öz təcrübələri və xatirələrini bölüşmürdülər, onlar həm də mümkün “atalar və oğullar” münaqişəsinin qarşısını alır və alternativ olaraq “siyasi varisliyi” bizə aşılayır.  

Layihə iştirakçısı, Sabirabadlı gənc həkim Kamal Sadıqlı:

İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Layihə bizə ümummilli lideri daha yaxından tanıtdı. Buna görə də “PAŞA Holding” MMC-yə və deputatımız Kamal Cəfərova öz minnətdarlığımı bildirirəm.

Layihə iştirakçısı, gənc dövlət qulluqçusu Anar Rəhimli:

Böyük coşqu və sevinc hissi ilə qoşulduğum bu layihə çərçivəsində Ulu Öndərin xatirələri ilə bağlı səfər etdiyim yerlər məndə ölçüyəgəlməz xoş hislər yaratdı. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin başlandığı, inkişaf etdiyi tarixi məkanlarda olmaq, onunla birgə işləmiş şəxslərlə görüşmək, bir Azərbaycan vətəndaşı olaraq mənə əvəzsiz iftixar hissi bəxş elədi.

Layihə çərçivəsində ikinci ziyarət etdiyim yer Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası oldu. Bizə bələdçilik edən Akademiya əməkdaşı, Ulu Öndərin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq təsisatın inkişafına misilsiz töhfələr verdiyindən, milli kadrlarla komplektləşdirdiyindən, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığından danışdı.

 
 

Layihə iştirakçısı, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Ülviyyə Şıxəliyeva:

Azərbaycan cəmiyyətinin vahid, bölünməz və güclü bir cəmiyyət kimi formalaşmasında Heydər Əliyev şəxsiyyətinin və fəaliyyətinin yeri və rolu barədə bu layihə çərçivəsində yeni öyrəndiklərim bir vətəndaş kimi məndə belə bir fikir oyatdi. Dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmi Heydər Əliyev simasında doğurdan da bir məktəbdir. Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin həm qurucusu, həm də ideoloqu kimi çoxşahəli fəaliyyətində azərbaycançılıq məfkurəsinin aparıcı istiqamətinin və rolunun müxtəlif aspektlərdən fəlsəfi təhlili mənə öz həyat yolumda bundan sonra tətbiq edəcəyim bir çox nüansları, beynimdə olan ideyalarımın özəyinə həkk etdi.

Heydər Əliyev yolu ilə mən də öz növbəmdə hər an vətənimiz üçün əlimdən gələni  etməyimə hazır olduğumu bildirmək istəyirəm. Hətta geri qaytarılmış torpaqlarımızda yeni təhsil müəsissələri açılarsa məmnuniyyətlə həmin bölgələrdə həm öz ixtisasım üzrə könüllü olaraq fəaliyyət göstərməyə hazır olduğumu bildirmək istəyirəm.

Layihə iştirakçısı, YAP Sabirabad rayon təşkilatı fəalı Ceyran Xəlilova:

Ulu Öndər Heydər Əliyevin liderliyi, idarəçilik qabiliyyəti, öz dövlətini, doğma torpağını, vətənini sevgi hissi hər birimiz üçün nümunədir. Layihənin ikinci hissəsində isə DTX akademiyasında olduq, Heydər Əliyevin iş həyatı haqqında məlumatlar aldıq və dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin medalları, hansı şəxslərlə görüşü və vəzifədə olduğu zaman işlədiyi otağı gördük. Orda əsl mənim fikirimi cəlb edən isə masanın tam önündə divarda bütöv Azərbaycanın xəritəsi dururdu. Bu o deməkdir ki, Ulu Öndərimiz bununla demək istəyirdi ki, nə zamansa biz tam Azərbaycanın bütöv torpaqlarında yaşayacağıq.

Layihənin üçüncü hissəsi isə Sabirabad rayonunda keçirildi. İlk olaraq biz Sovet sosialist əməyi qəhrəmanı, pambıqçı Fatma Hüseynova ilə görüşdük, o gözəl çay süfrəsi hazırlamışdı və çay süfrəsinin arxasında Ulu Öndərimiz Heydər Əliyev haqqında onunla olan xatirələrini bizimlə bölüşdü. Fatma xanım bildirdi ki, o məni öz qızı bilirdi və öz həyat yoldaşı Zərifə xanıma belə demişdir ki, mənim bir qızım yox, iki qızım var. Fatma xanım dedi ki, Heydər Əliyev kənd təsərrüfatını yaxşı bilirdi, əkin sahəsinin hər tərəfini gəzirdi, detallara xüsusi əhəmiyyət verirdi. O həm də çox mərhəmətli insan idi. Həmişə onların qayğıları ilə şəxsən maraqlanırdı, onların taleyinə şərik olurdu.

Daha sonra biz layihə çərçivəsində Azərbaycan Respublikasının sabiq baş naziri, xarici işlər naziri Həsən Həsənovla görüşdük. Həsən Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycanı mürəkkəb böhran vəziyyətindən necə məharətlə və parlaq zəkası ilə xilas etdiyi, həmçinin, müstəqillik yoluna qədəm qoyması haqqında bizə ətraflı məlumat verdi.

Layihə iştirakçısı, Sabirabadlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Sevinc Abuşova:

Əvvəlcə layihənin ərsəyə gəlməsində və bizlərə “Heydər Əliyev Siyasi Məktəbi” layihəsində iştirak imkanını tanıdıqları üçün  başda Milli Məclisin deputatı Kamal Cəfərov və “PAŞA Holding” MMC-yə  təşəkkür edirəm. “Heydər Əliyev siyasi məktəbi” layihəsi sayəsində Heydər Əliyev irsini daha yaxından, daha ətraflı şəkildə öyrənmək imkanı əldə etdik. Layihənin indiyə kimi 3 mərhələsi olub və hər birində Heydər Əliyevin həyatının müxtəlif mərhələləri haqqında çoxlu məlumatlar əldə etmişik.

Lakin bunlardan mənim üçün ən maraqlı olan Naxçıvandakı görüş  haqqında təcrübələrimi sizlərlə paylaşmaq istəyərdim. Layihənin açılış mərasimi keçirilən Naxçıvan şəhərində Heydər Əliyevin tələbəlik və gənclik illəri haqqında heç yerdə yazılmayan məlumatlar əldə etdik. Düzü heç vaxt Naxçıvanda olmamışdım. Naxçıvanda mənim üçün maraqlı olan yerlər çox oldu.

Heydər Əliyev muzeyində Ümummilli liderə məxsus əşyalar-istifadə etdiyi qələm, telefon, eynək və digər əşyalarla yaxından tanış olduq. Orada diqqətimi daha çox cəlb edən isə muzeydəki bütün saatların eyni vaxtı-Heydər Əliyevin rəhmətə getdiyi vaxtı göstərməsi idi.