SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Avropa İttifaqından Ermənistana tərs sillə" - Siyasi şərh
“Ermənilər hər bir cəbhədə təxribata əl atırlar. İndi isə bütün gücləri ilə xarici ölkələrin parlamentlərinə, siyasi partiyalarına və beynəlxalq təşkilatlara zəng edir, imdad diləyir və saxta məlumatlar təqdim edirlər. Əldə etdikləri yeganə uğur Avropa ölkələrində yol kəsmək və qanunsuz mitinq etməkdir. Lakin onları ordan da qovublar”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov deyib. O qeyd edib ki, hazırda dünyada yekun ictimai rəy ondan ibarətdir ki, Azərbaycanın mübarizəsi tarixin doğru tərəfində, beynəlxalq hüququn çərçivəsindədir:
“Avropa İttifaqı və Avropa Şurası, o cümlədən xarici ölkələrin parlamentləri beynəlxalq ədaləti dəstəkləyir. Beynəlxalq hüquq çərçivəsində bir addım da geri atılmayıb. Misal üçün, Avropa İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib. Ondan əvvəl Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Avropa Parlamentinin deputatlarına cavabında bildirib ki, Avropa İttifaqının və üzv dövlətlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması prinsipinə sadiqdirlər. Avropa İttifaqının ali idarəedici instutunun mövqeyi bir daha sübut edir ki, Aİ və üzv dövlətləri ilə hüquqi bazada bir addım da geriyə atılmayıb. Ermənilər növbəti təxribata AŞPA-da cəhd etmişdilər. AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin iclası keçirilib. İclasda “Dağlıq Qarabağdakı vəziyyətlə” bağlı bəyanatın qəbul edilməsi nəzərdə tutulurdu və bu bəyanat Azərbaycan xalqının maraqlarına zidd idi. Qəbul edilməsi nəzərdə tutulan bəyanatda 4 vacib problem var idi. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi kimi göstərilmirdi. Sadəcə Dağlıq Qarabağ regionu kimi qeyd edilirdi. Bunun həm hüquqi, həm də siyasi baxımından səhv olduğunu və beynəlxalq hüquqa, o cümlədən AŞPA-nın qətnamələrinə zidd olduğunu bildirdik. İkinicisi, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi qeyd edilsə də, BMT Təhlükəsizlik Şurasının qətnamələri göstərilmirdi. Biz isə bildirdik ki, sülh yolu ilə həll yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində əldə edilə bilər. Üçüncüsü, hazırkı vəziyyətdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı münaqişədə 3-cü tərəflərin iştirak etməməsinə çağırış edilirdi. Lakin təkcə Türkiyənin adı xüsusilə qeyd edilirdi. Bununla bağlı qeyd edildi ki, Türkiyə bizim qardaş ölkədir, dəstəyi də yalnız mənəvi dəstəkdir. Dağlıq Qarabağda 3-cü tərəflərin iştirakı ilə bağlı iddiaları ilk dəfə Fransa Prezidenti Makron səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev Makrondan sübutları təqdim etməsini, bütün dünya ilə paylaşmasını istəyib. Lakin Makrondan hələ də xəbər yoxdur. Bəyanatda beynəlxalq monitorinq missiyasının yaradılması təklif edilirdi. Bu, ən vacib problem idi. Monitorinq missiyasının məqsədi isə Dağlıq Qarabağda insan hüquqlarının pozulması ilə bağlı məlumatların toplanmasıdır. Burada məqsəd, ermənipərəst ekspertlərin beynəlxalq missiyanın tərkibinə daxil edilməsi və əldə edilmiş məlumatları “müstəqil” mənbə kimi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etməkdir. Bununla bağlı Gəncədə baş vermiş müharibə cinayəti ilə bağlı məlumat verdik və qeyd etdik ki, Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir və münaqişə zonasından çox uzaqdır. İndi sizin düşüncə ilə Gəncə də Dağlıq Qarabağdır? Elə deyilsə, Xankəndində insanların hüquqları nə üçün Gəncədə öldürülmüş insanların hüquqlarından fərqli və ya üstündür? Eyni zamanda, yeni bir monitorinq missiyasının yaradılmasının əleyhinə olduğumuzu da bildirdik. Çünki indiyə kimi çox monitorinq missiyası yaradılıb və bir nəticəsi yoxdur. Bu günə qədər 1 milyona yaxın azərbaycanlının hüquqları ilə maraqlanmayan Avropa Şurası tərəfindən yeni bir mexanizmin yaradılmasını düzgün hesab etmirik. Düşünürük ki, bu ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı qarşıqlıq yarada bilər. Belə bir missiya, keçmişdə olduğu kimi yalnız ATƏT çərçivəsində həyata keçirilə bilər.Geniş müzakirələr və fərqli fikirlərin yekununda bəyanat qəbul edilmədi. Ermənilər cəbhədə olduğu kimi, beynəlxalq təşkilatlarda da bu cür təxribatlara əl atırlar. Bütün cəbhələrdə isə cavabımız birdir. Qarabağ Azərbaycandır!.Ölkəmiz qərb diplomatiyasında cəbhə xəttini dəyişməz saxlayır, şanlı Ordumuz isə döyüş meydanında irəliləyir”. Qeyd edək ki, ötən gün Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsini pisləyib. Qurumun Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano bəyanatında Avropa İttifaqının oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə endirilən zərbələr nəticəsində mülki insan tələfatı və insanların ağır yaralanmasından təəssüf hissi keçirdiyini vurğulayıb. Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.İndiyədək dağıntılar altından xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.
Göründüyü kimi, artıq Avropa İttifaqı da Ermənistanın Gəncədə törətdiyi vandalizmi sərt şəkildə qınayır. Məlum bəyanatdan sonra ermənilər isterikaya düşüb. Onlar hər vəchlə bəyanatı yalanlamağa çalışsalar da, beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini təsdiqləyir. Humanitar atəşkəsin pozulması, mülki insanların öldürülməsinə görə məhz Ermənistan hərbi siyasi rəhbərliyi məsuliyyət daşıyır.
Məqaləni dərc edən xəbər saytları:
1.https://qafqazinfo.az/news/detail/avropa-ittifaqindan-ermenistana-ters-sille-302337
2.https://www.bakupost.az/avropa-ittifaqindan-ermenistana-ters-sille-butun-ucuslar-qadagan-edildi