MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Deputat Kamal Cəfərov: Avropa Parlamenti yeni münaqişə üçün çağırışlar səsləndirir

11:32 29.02.2024



Kamal CƏFƏROV, millət vəkili

 

Avropa Parlamentində “Ermənistan və Avropa İttifaqı arasındakı yaxın əlaqələr və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ehtiyac” adlı dinləmə keçirilib.

Dinləmənin adı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ehtiyac olsa da, Avropa Parlamentinin deputatları regionda yeni münaqişə üçün çağırışlar səsləndiriblər. Misal üçün Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazo iki ölkə arasında sülhün təmin edilməsi üçün digər dövlətləri Fransa kimi Ermənistana silahlı dəstək göstərməyə çağırır.

Aydın məsələdir ki, Parisin Ermənistana silah tədarük etmək planı sülhə deyil, gərginliyin artırılmasına yönəlib. Əslində Fransanın əsl niyyəti Ermənistan vasitəsilə Cənubi Qafqazda nüfuz əldə etmək və Ermənistan vasitəsilə neo-kolonialist siyasət aparmaqdır. Bunun yolunu da Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına mane olmaq, regionda yeni geosiyasi münaqişə ocağı yaratmaq və müxtəlif platformalarda Azərbaycanı demonizə edərək təhrik yolunda görürlər.

Fransa bu məqsədini həyata keçirmək üçün Avropa təsisatlarını və qonşu dövlətləri mobilizə edib. AŞPA-da bizim nümayəndə heyətinin səs hüququnun məhdudlaşdırıması bunun bir nümunəsidir.

Eyni zamanda Avropa Parlamentində keçirilən dinləmələr bunun digər nümunəsidir. Görünür, Fransa hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına moderatorluq edən Almaniya Kansleri Şoltsun rəhbərlik etiyi partiyanı da bu prosesə cəlb edib. Belə ki, Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü Frank Şvabe AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir.

Cənab Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələni də qaldırıb. Azərbaycan Prezidenti qeyd edir ki, Kansler Şolts bəyanatları və fəaliyyəti ilə qərəzsizlik nümayiş etdirir, lakin onun partiyasının üzvü AŞPA-da Azərbaycana qarşı qəbul edilən qərarın təşəbbüskarı olub. O, haqlı olaraq soruşur “Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?!”

Avropa Parlamentində çıxış edən deputatların nitqlərində ən çox diqqət çəkən məqamlardan biri də xristan təssübkeşliyidir. Avropa Parlamenti bununla hər iki tərəfi xristian-müsəlman qarşıdurmasına təhrik edir və tək hədəfləri də bu deyil. Avropa Parlamentinin xristian təəssübkeşliyinin əsas hədəfi Azərbaycanda mövcud olan multikultural və çoxkonfessiyalı dəyərlərdir. Çünki Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası etnik qruplar, mədəniyyətlər və dinlər arasındakı müxtəlifliyi bizim gücümüzə çevirib. Multikultural Azərbaycan Qərbdə bir çox qüvvəni qıcıqlandırır.

Digər tərəfdən Avropa Parlamentinin bəzi deputatları və bəzən yerli anti-milli ünsürlər axmaqcasına Ermənistanın “demokratik” dəyərlərindən danışırlar.

Birincisi qeyd edim ki, bu qrup insanlar demokratiya mövhumatçılarıdır.

İkincisi, əgər Ermənistanda həqiqətən əsl demokratiya mövcud olsaydı, siyasi plüralizm də olardı. Çünki 30 illik işğal dövründə Ermənistanda heç bir siyasi partiya, heç bir siyasətçi dövlətini sorğulamadı ki, Azərbaycanın ərazilərini niyə işğal ediblər. Ermənistanda heç bir siyasi qüvvə öz dövlətini beynəlxalq hüquqa hörmətə çağırmadı. Beynəlxalq hüquqa hörmət olmadan, siyasi plüralizm olmadan isə əsl demokratiya mövcud ola bilməz. Olsa da, bu “demokratiya” elə ermənisayağı ola bilər. Bu cür demokratiya isə heç kimə lazım deyil! Çünki bu cür demokratiya elə birinci Ermənistanın özünü məhvə aparır.

Hazırda siyasi proseslər onu göstərir ki, nə ermənistan rəhbərliyi yaxın tarixdən düzgün nəticə çıxarıb, nə də ki erməni xalqının kollektiv ağlı yoxdur ki, özlərini yeni geosiyasi oyunun aləti olmaqdan qoruya bilsin.

Yekun nəticə ondan ibarətdir ki, həm Fransa həm də anti-Azərbaycan siyasəti aparan bəzi dövlətlər hələ də İlham Əliyev reallığı ilə barışa bilmirlər. Bu gün İlham Əliyev Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişə bilən liderdir.

Bu gün türk dövlətləri arasında əməkdaşlığa təkan verən və onlar arasında avropa ölkələri ilə strateji ittifaqa malik olan və bütün bunlarla yanaşı, hansı ki, indiki dünya nizamında bunu bacarmaq çox çətindir, post-sovet ölkələri ilə də yüksək tərəfdaşlıq münasibətlərinə malik olan tək lider İlham Əliyevdir.

O, həyata keçirdiyi beynəlxalq nəqliyyat və enerji layihələri ilə region dövlətlərini müharibə və intriqa əvəzinə sülhə və əməkdaşlığa dəvət edir. O, dövlət başçılarını müharibə ilə deyil, iqtisadiyyatla məşğul olmağa çağırır. Bu gün isə sülhə, sabitliyə və rifaha isə təkcə regionun deyil, bütün dünyanın ehtiyacı var.

Çox təəssüf ki, Qafqazda real sülh istəməyənlər var və onlar müxtəlif üsullarla təxribatlar törətməyə çalışırlar. Ancaq Fransanın timsalında Qafqazda sülh istəməyənlər əmin olsunlar ki, bütün təxribatlara və hələ bilmədiyimiz çətinliklərə baxmayaraq, Qafqazda real sülhə məhz İlham Əliyevin iradəsi ilə nail olunacaq.