MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Azərbaycan tarixinin ən böyük əfv aktının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının rəmzi mənası var" - siyasi şərh

12:01 08.05.2023



 
Azərbaycan tarixinin ən böyük əfv aktının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının rəmzi mənası var.
Çünki Heydər Əliyev daxilən humanist insan olub və Azərbaycan xalqının ən böyük hüquq müdafiəçisi olub.
 
1993-cü ildə Heydər Əliyev bir tərəfdən ictimai siyasi sabitliyi bərpa edir, qanunsuz silahlı birləşmələrə mübarizə aparır, dövlət çevrilişlərinin qarşısını alır, digər tərəfdən isə humanist siyasətini davam etdirirdi, əfv sərəncamları imzalayırdı.
 
1992-ci ildə İsa Qəmbər ölüm cəzalarını qanunsuz olaraq icra edəndə, Heydər Əliyev hətta ona qarşı terror aktını törədən şəxsləri əfv edirdi. Çünki o, daxilən humanist insan idi. Bütün hallarda onun məqsədi vətəndaş həmrəyliyinə nail olmaq idi. Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu Azərbaycan xalqının hüquqlarını müdafiə edib.
 
Onun Sovet Azərbaycanına rəhbərliyi və Sovetlər İttifaqının rəhbərliyində təmsil olunduğu dövrdə bir qarış torpaq belə itirməmişik, erməni milliyətçiliyinə, separatizmə qarşı effektiv mübarizə aparılıb.
 
Belə ki, məhz Heydər Əliyev 1987-ci ildə Sovet rəhbərliyindən ədalətsizcəsinə kənarlaşdırılandan sonra Azərbaycan xalqının hüquqları kütləvi formada pozulmağa başladı. Yalnız onu Kremldən təcrid olunmasından iki həftə sonra Qərbdə erməni lobbisi və Qarabağda erməni seperatizmi baş qaldıra bildi.
 
Məhz Heydər Əliyev hakimiyyətdə təmsil olunmadığı üçün Ermənistan və Qarbaçov Qərbi Azərbaycandan soydaşlarımız deportasiya edə bildi, Sumqayıtda təxribatlar törətdilər.
 
Məhz Heydər Əliyev hakimiyyətdə olmadığına görə Azərbaycan xalqının başına 20 Yanvar faciəsi gətirilə bildi. Bu faciədən sonra xalqı qoruya bilməyən o zamankı Azərbaycan hakimiyyəti və Xalq Cəbhəsi fəalları qaçıb gizlənəndə, Heydər Əliyev heçnədən qorxmadan, SSR-nin mərkəzində Moskvada Azərbaycan xalqının hüquqları qorudu və haqq səsini dünyaya çatdırdı.
Heydər Əliyevin 1990-ci il 21 yanvar tarixində verdiyi bəyanatı Azərbaycan xalqını ruhlandırdı, meydanlarda baş verən xaotik mitinqləri Xalq Hərəkatı formatına çevirdi.
 
Təəsüf ki, 1987-1993-cü illər Azərbaycan xalqının haqları bir tək işğalçı Ermənistan tərəfindən yox, o zaman hakimiyyəti zəbt etmiş qaragüruh tərəfindən pozulurdu. Ona görə də Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində hakimiyyətə qayıdışı ilə həm də xalqımızın fundamental hüquqları qorunmağa başladı.
 
1994-cü ildə, 1995-ci ildə dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələrə son qoyuldu. Nəhayət 1995-ci il Konstitusiyası ilə Azərbaycanın gələcək inkişafı qətiyyətlə müəyyən edildi.
 
Bu gün isə tariximizin ən böyük əfv sərəncamının imzalanması cəmiyyətdə, respublikada böyük sevincə, şadyanalığa səbəb olub. Əfv sərəncamına düşən hər bir şəxsi və ailə üzvlərini təbrik edirəm. Bu, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına Ulu Öndərin 100 illiyi ilə bağlı hədiyyəsidir.