MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Bu gün Azərbaycan müstəqil siyasət aparır və heç kim nəyi, nə vaxt və necə edəcəyimizi diqtə edə bilməz." - siyasi şərh

11:40 07.04.2023



İran siyasətçiləri başa düşməlidir ki, bizim üçün böyük qardaş anlayışı yoxdur, bərabər hüquqlu qardaş, dost və strateji dövlət anlayışı var. Bu gün Azərbaycan müstəqil siyasət aparır və heç kim nəyi, nə vaxt və necə edəcəyimizi diqtə edə bilməz.
 
Bu gün Azərbaycan xalqı görür ki, İran Azərbaycanla düşmənçilik edir. Və İran bu məqsədinə çatmaq üçün dindən, imandan, təriqətdən, Kərbala sevgisindən, Əhli Beyt sevgisindən sui-istifadə edir. İran xüsusi xidmət orqanları inanclı insanlarımızın saf sevgisindən şəxsi mənfəətləri üçün istifadə edərək Azərbaycanın konstitusion əsaslarına qarşı mübarizə aparır.
 
Daxilimizdəki düşmənlər, anti-milli qüvvələr o cümlədən Tofiq Yaqubov kimiləri İrana casusluqda ittiham edilənləri müdafiə edir. Bu gün Azərbaycanda milyonlarla insan namaz da qılır, oruc da tutur, məscidə də gedir, onları niyə həbs etsinlər ki? Bu məntiqsizdir axı! Həbs edilənlər İran xüsusi xidmət orqanları tərəfindən ələ alınan şəxslərdir, bu şəxslər də xüsusilə İranda Məşhədə, Quma, Kərbəlaya ziyarət zamanı müxtəlif vasitələrlə o cümlədən şantajla ələ alınır. Ona görə mən də Fazil Mustafanın fikrinə qatılıram, dini ziyarətlər dövlətin tam nəzarətində olmalıdır.
 
Əziz həmkarlar, bizim vətənimiz multikultural ölkədir, tolerant ölkədir. Biz heç öz qonşumuzun nəinki hansı məhzəbə, heç hansı dinə ibadət etdiyini də soruşmuruq. Azərbaycana məhzəb ayrı-seçkiliyini İran gətirib. Xurafatı və mövfumatı İran gətirib. Bu gün Azərbaycanda dilindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq hər həsin bərabər hüquqları var. 2-ci Qarabağ müharibəsi zamanı da Azərbaycan xalqı göstərdi ki, milli kimlik və müstəqillik hissi bütün dəyərlərdən öndədir.
Buradan elan etmək istəyirəm ki, kim ki, Azərbaycançılıq ideologiyasına qarşı mübarizə aparacaq, qarşılarında təkcə hüquq mühafizə orqanlarını yox, bütöv Azərbaycan xalqını görəcək. Kim ki, İran təbliğatı aparacaq, Azərbaycanının konstitusion quruluşunun əleyhinə təbliğat aparacaq qarşısında bütöv Azərbaycan xalqını görəcək.
 
Bu gün İran tərəfindən Azərbaycana qarşı edilən hücumların əsas məqsədi Azərbaycanı qorxutmaqdır. Onlar Azərbaycanı 90-ci illərin əvvəlindəki xəyanatkar AXC-Müsavat cütlüyü ilə qarışıq salmasınlar. Bu gün Azərbaycanın müzəffər Ali Baş Komandanı və müdrik xalqı var.
 
Nəticədə İran bu cür hibrid hücumlarla ən böyük zərəri özünə vurdu. 3 il bundan qabaq İranla bağlı olan ictimai rəylə indiki rəy tamamilə fərqlidir. Bu mübarizədə İranın əldə etdiyi yeganə qazanc isə Azərbaycan xalqının nifrəti olub.