MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Bu gün milli birliyimizə və kimliyimizə şübhə edən, mübahisələndirən və buna qarşı mübarizə aparan bizdən deyil, Azərbaycanlı deyil" - siyasi şərh

15:45 03.04.2023



Hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti nəticəsində həmkarım Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum oldu. Saxlanılan şəxslərin son illər ərzində dəfələrlə İrana səfər etməsi aşkara çıxdı. Bir neçə gün əvvəl Xarici İşlər Nazirliyinin mətbuat katibi Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini də qeyd etdi. Fazil Mustafa və sosial şəbəkə istifadəçiləri də İran ehtimalını da səsləndirdi. Bircə Əli Kərimlidən başqa!

Radikal Əli Kərimlinin Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktı ilə bağlı Toplum TV-yə verdiyi 24 dəqiqəlik müsahibəni izlədim. Dəhşətə gəldim. Aparıcı Şahnaz Bəylərqızı bu terror aktının İrana bağlı olması ehtimalı ilə əlaqədar dəfələrlə ona açıq sual verdi. Əli Kərimli gah deyir ki, dövlətlərarası maraqlara zərər vurmaq istəmirəm, gah deyir hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir etmək istəmirəm. Sonra Fazil bəyə qarşı edilmiş sui-qəsdə “bir cinayət əksik bir cinayət artıq” kimi qiymət verir, ciddi cəhdlə İranın adının bir ehtimal kimi çəkməkdən imtina edir, hətta deyərdim ki, diqqəti tamamilə İrandan yayındırmaq istəyir.

Birincisi dövlətlərarası marağı düşünən siyasətçi hər iki dəqiqədən bir qardaş Türkiyəni ittiham etməz, Paşinyanı demokrat adlandırmaz. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir etmək istəməyən şəxs bütün fəaliyyətini həmin qurumları ləkələməyə sərf etməz.

Maraqlıdır, Əli Kərimli İranın adının sadəcə bir ehtimal kimi çəkməkdən niyə imtina edir? Bəlkə İran kəşfiyyat orqanlarında onunla bağlı hansısa material var? Çünki Əli Kərimli Nardaran məsələsində dövlətə xəyanət edənləri, cinayətkarları partiyasına qəbul etdi, öz qurama “Milli-Şurası”na üzv təyin etdi, xəyanətkarları müdafiə etdi.

Həqiqətən çox maraqlıdır. Onsuz da Əli Kərimlinin anti-milli mövqedə olması, Azərbaycan xalqının maraqlarına açıq mübarizə aparması sirr deyil. Digər tərəfdən o, adətən Türkiyə, Rusiya və digər qonşu dövlətlərin adını çəkir, həmin dövlətləri mütəmadi olaraq nələrdəsə ittiham edir. Ancaq nə üçün İranın adını sadəcə bir ehtimal kimi çəkməyə cəsarət etmir?! Niyə xüsusi cəhdlə aparıcının dəqiq suallarından yayınır?! Birazdan çıxıb Fazil Mustafaya atəş açan şəxsi müdafiə etsə, onun günahkar olmadığını iddia etsə, buna təəccüb etməyəcəyəm.

Bəlkə də Əli Kərimli bununla İranda dini təhsil almış və radikallaşan bir qrup şəxsi öz elektrotatına, resursuna çevirmək istəyir!?

Heç bir versiyanı istisna etmirəm, ancaq onu dəqiq bilirəm ki, Əli Kərimli istənilən halda səhv edir. Əli Kərimli 30 ildir siyasətlə məşğul olmağa cəhd edir, ancaq dərk edə bilmir ki, Azərbaycan dövlətinin və xalqının əsl resursu, sərvəti Azərbaycançılıq ideologiyasıdır. 2-ci Qarabağ müharibəsi də bunun ən böyük nümunəsidir.

2-ci Qarabağ müharibəsində yaralanan yoldaşını canı bahasına qoruyan və onun qisasını alan mərd əsgərimiz onun Əli və ya Hüseyn, Denis və ya Avraam olmasını, şimaldan, cənubdan, qərbdən və ya şərqdən olmasını bir an belə düşünməyib. 2-ci Qarabağ müharibəsində döyüşən Azərbaycan gəncinin ürəyi müstəqillik hissi ilə döyünüb, beyni Azərbaycançılıq idelogiyası ilə düşünüb. Azərbaycanın əsl sərvəti, resursu isə məhz budur.

Bəziləri bu sərvətimizin əhəmiyyətini azaltmaq üçün bunu coğrafi yerləşmə və tarixi inkişafla əlaqələndirir. Bu əsla belə deyil. Qonşu ölkələr də bizimlə eyni coğrafiyada yerləşirlər, ancaq heç birində, hətta xristian ölkələrində belə Azərbaycanda olduğu qədər tolerantlıq, multikulturalizm, birlik yoxdur. Bu isə bizim anadangəlmə talantımız deyil. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyara keçirilən böyük siyasətin zəfəridir.

Bu gün milli birliyimizə və kimliyimizə şübhə edən, mübahisələndirən və buna qarşı mübarizə aparan bizdən deyil, Azərbaycanlı deyil.