MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"İrəvana sülh ilə qayıdacağıq!" - siyasi şərh

12:58 11.01.2023



 
Qərbi Azərbaycan məsələsi Qarabağ məsələsi kimi ümumilli məsələdir. Necə ki, Qarabağ bütün Azərbaycanı birləşdirdi, Qərbi Azərbaycan məsələsi də bütün Azərbaycanı birləşdirir.
 
Biz də öz dədə-baba torpaqlarımıza qayıtmaq, Basarkeçərdə yenidən yaşamaq istəyirik. Bütün beynəlxalq konvensiyalar da bizim bu hüquqlarımızı tanıyır.
 
Qərbi Azərbaycanın İcmasının yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə konseptual olaraq həyata keçirilmiş ilk mühüm addımdır. Bundan sonra da Qərbi Azərbaycan icmasının Azərbaycan dövlətinin milli maraqlarına cavab verən səmərəli fəaliyyəti üçün İşçi Qrup yaradılıb, yeni konsepsiya hazırlanır. Bundan sonra hər bir vətəndaş nə etməlidir, məhz o sənədə istinad edib fəaliyyət göstərməlidir. Çünki bu məsələdə vahid kordinasiya olmalıdır, beynəlxalq istiqamətdə real praktiki iş olmalıdır.
 
Həm Milli Məclisin gənc deputatı, həm də Qərbi Azərbaycan İcmasının üzvü olaraq bildirmək istəyirəm ki, çox təəssüf ki, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti bizim dədə-baba torpaqlarımızı Ermənistana hədiyyə edib, biz bunu xəyanət hesab edirik.
 
Bilirsiniz, torpaq uğrunda mübarizə aparmaq olar, torpağı geri qaytarmaq olar, hətta müharibədə torpağı itirmək də olur. Ancaq döyüşmədən torpaq üzərindən alver etmək olmaz. Ən azından bu hüquq prinsiplərinə ziddir. Hazırda bizim cari Konstitusiyamızda dövlət sərhədlərinin dəyişdirilməsi referendurumla, xalqın iradəsi ilə həll edilir.
 
Başa düşürəm ki, həmin zaman həssas məqam olub və sərhədlərinin dəyişdirilməsi ilə bağlı hüquqi sənəd mövcud olmayıb. Ancaq Azərbaycan Xalq Cümhuriyyətini quran şəxslər arasında hüquqşunaslar da olub, onların İrəvanda yaşayan xalqımızın nümayəndələrin rəyini almadan, onlarla müzakirə etmədən bu cür qərar qəbul etməsi həm də qanunsuzdur.
 
Milli Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və N.Nərimanbəyov İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı həmin ərazidə yaşayan vətəndaşların adından məktubla Milli Şuraya müraciət ediblər, Milli Şuranın qərarına qəti etiraz ediblər. İrəvananın Ermənistana hədiyyə verilməsinin əleyhinə səs verən 3 üzv da onlar olublar.
Milli Şura isə İrəvanda yaşayan vətəndaşlarımızın etiraz müraciətini heç müzakirə də etməyiblər, sadəcə işə alıblar (iclas protokoluna daxil ediblər).
 
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə bir fikir bildirib: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar—mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi—Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın.” Bir il sonra Bağır bəy Parlamentin 1919-ci il 17 iyu tarixli iclasında bildirib ki, bir il əvvəl İrəvanda 22 min müsəlman yaşıyırdı, onlar oradan qovulandan sonra bəziləri tək-tək şəhərə geri qayıdıb, öz evlərinin və əşyalarının dağıdılmış olmasını görüblər. Bunlar tarixi faktlardır.
 
Bəzi vaxtlarda Əli Kərimli, Cəmil Həsənli və digərləri bizim dədə-baba torpaqlarımızın Ermənistana verilməsinə haqq qazandırırlar.
 
Bildirmək istəyirəm ki, onların bizim adımızdan danışmaq hüququ yoxdur, Qərbi Azərbaycan icması onlara nifrət edir, Azərbaycan xalqı onlara nifrət edir.
 
Bizim İrəvana sülh ilə qayıtmağımızın qarşısını hec bir güc ala bilməz.
 
Azərbaycan Prezidentinin öz ad günündə Qərbi Azərbaycan icması ilə görüşü də bu niyyətin nə dərəcədə səmimi və yüksək siyasi prioritetə malik olmasını göstərir.
 
Biz öz dədə-baba torpaqlarımıza da qayıdacağıq, orada yaşayacayıq da, cənab Prezidentin doğum günü Göyçə gölünün sahilində də qeyd edəcəyik.
 
 
 
Məqaləni dərc edən xəbər saytları: