MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Vətənin siyasəti olmur" - şərh

12:38 12.11.2020



Vətənin siyasəti olmur. Bu gün vətən üzərindən siyasət aparan radikal psixologiyaya malik AXC-Müsavat cütlüyünün bəyanatlarını və çıxışlarını Dağlıq Qarabağ uğrunda şəhid olan qəhrəmanlarımızın ruhuna xəyanət hesab edirəm.
Bu gün Əli Kərimli Dağlıq Qarabağda fəaliyyət göstərən rus sülhməramlı qüvvələrini Volski idarəetmə üsulu ilə müqayisə edir. Ə.Kərimli bilməlidir ki, ermənipərəst Arkadi Volskinin başçılıq etdiyi Xüsusi İdarə Komitəsi fəaliyyətə başlayanda Dağlıq Qarabağda Azərbaycanın bütün dövlət və ictimai orqanların səlahiyyəti dayandırıldı. XİK-nin fəaliyyəti nəticəsində Dağlıq Qarabağda yaşayan bütün azərbaycanlılar oradan qovulub çıxarıldı.
Əli Kərimli, bu gün rusiya sülhməramlı qüvvələrinə general Rüstəm Muradov başçılıq edir. Rüstəm Muradov erməniləri Kəlbəcərdən qovur. Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağın ərazilərini tərk edir. Türk silahlı qüvvələrinin bu cür əməliyyatı keçirməyi böyük risklər yarada bilərdi. Ancaq rus sülhməramlıların fəaliyyətinə türk ordusu nəzarət edir.
Əli Kərimli, narahat olma, Xankəndi də Azərbaycandır, Xocavənd də Azərbaycandır, Xocalı da Azərbaycandır! Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Cəbrayılı, Qubadlını, Fizulini, Zəngilanı, Şuşanı, Hadrutu, Suqovuşanı işğaldan azad edib. Dağlıq Qarabağda olan bütün yüksəkliklərə nəzarət edir. Dağlıq Qarabağın hər bir nöqtəsində o cümlədən Xankəndində də hər bir şəxs Azərbaycan qanunları ilə yaşayacaq, sənədlərdə Azərbaycan gerbi olacaq. Hakimi də, prokuroru da, polisi də, notariusu da Azərbaycan müvafiq qurumu tərəfindən təyin edilən Azərbaycanlı məmurlar olacaq.
Bəziləri deyir ki, Azərbaycan nə mümkündürsə etdi. Xalq isə deyir ki, Azərbaycan mümkünsüzü etdi. Şuşanı azad etdi, Naxçıvanı blokadan da azad etdi. Bu gün Azərbaycan xalqı qalibdir!
Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ və 7 rayonun ilk növbədə itirilməsinin günahkarı AXC-Müsavat cütlüyün yarıtmaz fəaliyyəti olub. Bunu siyasi ritorika kimi qəbul etməyin. Çünki AXC-Müsavat cütlüyün hakimiyyət illərində Milli Məclisdə təmsil olunan deputatlar bununla bağlı siyasi-hüquqi rəy veriblər.
Milli Məclisin 1993-cü il 16 iyul qərarında göstərilir ki, Surət Hüseynovu sizin təmsil olunduğunuz hakimiyyət milli qəhrəman elan edib, sonra siz onu vətən xaini elan etmisiniz. Qarabağın müdafiəsi üçün çalışan 709 nömrəli hərbi hissənin tərki silah edilməsi ilə bağlı siz qərar qəbul etdiniz, elə həmin hərbi hissənin nümayəndələri dövlət çevrilişinə cəhd etdilər.
Milli Məclisin qərarı ilə 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrə görə, Pənah Hüseynov, İsa Qəmbər, Əli Kərimov, Arif Hacıyev, Qabil Məmmədov və digərlərinin məsuliyyət daşıması müəyyən edilib. Sizin yarıtmaz fəaliyyətiniz nəticəsində Dağlıq Qarabağ üçün savaşmalı olan hərbi hissələr dövlət çevrilişinə cəhd etdi, sizin təyin etdiyiniz icra başçıları vətənə xəyanət etdi.
Ona görə elə bu gün adlarını sadaladığım şəxslərin mövqeyi vətənə xəyanətdir. Cəbhəçi təfəkkürüdür. Bu gün dünya mediası, erməni ictimaiyyəti Azərbaycanın uğurundan, qələbəsindən danışır, Əli Kərimli və onun şurası isə xalqı və onun iradəsini ittiham edir.
Xalqın iradəsi göz qabağındadır.

 

 

Məqaləni dərc edən xəbər saytları:

1.https://newscenter.az/2020/11/12/axc-musavat-cutluyunun-byanatlarini-shid-olan-qhrmanlarimizin-ruhuna-xyant-hesab-edirm.html