MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Fransadan sonra Belçikada “lazımi dəstəyi” ala bilməmələri onlarda ruh düşkünlüyü yaradıb” - siyasi şərh

15:43 04.12.2020



“Belçika Federal Parlamenti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib”.

Bunu “Qafqazinfo” ya açıqlamasında Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Kamal Cəfərov deyib. O qeyd edib ki, dekabrın 2-də Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihələri müzakirə olunmuş və parlament çoxluğunun irəli sürdüyü sənəd layihəsi bir sıra düzəlişlər irəli sürülərək səsvermə nəticəsində qəbul olunub: “Qətnamə layihəsinin yekun mətni hazırlandıqdan sonra 17 dekabr tarixində plenar iclasda səsverməyə qoyulması gözlənilir.

Fransa siyasi dairələrində Belçikanın da keçmiş qondarma rejimin tanınması ilə bağlı qətnamə qəbul edəcəyi əminliyi və Belçika tərəfinə davamlı təzyiqlər olmasına baxmayaraq, parlament iclasları öncəsi və iclas zamanı erməni diasporu və ermənipərəst qüvvələrin canfəşanlıqla qəbul etdirmək istədiyi qərəzli qətnamələrlə bağlı anti-Azərbaycan səyləri puç olub.

Azərbaycanın Belçikadakı səfirliyi və Azərbaycan-Belçika Parlamentlərarası dostluq qrupunun fəaliyyəti nəticəsində ermənipərəst deputatların Georges Dallemagne (CdH), Peter de Roover (NVA) və Ellen Samyn (VB) gündəmə gətirdiyi bir sıra cəfəng təkliflər səsvermədə komitə üzvləri tərəfindən qəti şəkildə rədd edilib.

Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasına qədər Azərbaycan-Belçika Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Belçikanın müxtəlif siyasi partiyaları, o cümlədən müxalifət partiyası olan N-VA partiyasının deputatları ilə onlyan görüşlər keçirmişik və eyni zamanda Belçika Federal Parlamentinin bütün üzvlərinə məktubla müraciət etmişdik. 

Belə ki, qətnamənin ilkin layihəsində sabiq iğalçı rejimin tanınması və onun təhlükəsizliyinin təminatı üçün diplomatik əlaqələrin qurulması məsələsi qəbul edilmədi. Layihədə qondarma “artsax” adına istinadlar çıxarıldı və Dağlıq Qarabağ olaraq qəbul edildi. 
Ən mühüm məqam isə beynəlxalq hüquqa uyğun olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə daxil edildi və bununla da Belçika Federal Parlamenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib. 

 
Eyni zamanda, layihənin ilkin versiyasında olan bir sıra absurd fikirlər, misal üçün ATƏT-in Minsk qrupundan Naxçıvanla Azərbaycan və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə koridor yaradılması ideyasını rədd etməyi tələb etmək, Azərbaycan ordusuna 27 sentyabrdan əvvəl tutduğu mövqelərə dərhal çəkilməsi üçün çağırış etmək, 9 noyabr bəyanatı Ermənistana təzyiq altında əlverişsiz şərtlərlə imzalatdırılmışdır kimi təkliflər rədd edildi, qəbul edilmədi. 

Qardaş Türkiyənin Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə bağlı Türkiyəyə müəyyən təzyiqlərin edilməsi ilə bağlı çağırışlar da qəbul edilməyib. Belə ki, Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması, Türkiyə səfirinə Belçika hökumətinin etirazının çatdırılması, Türkiyənin NATO-dan çıxarılması üçün bütün mümkün tədbirlərin görülməsi kimi cəfəng fikirlər layihənin mətnindən çıxarılıb. 

Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsi parlament çoxluğunun əsas etibarilə regionda gələcək barışığa yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib”.

Onun sözlərinə görə, erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq “uğur” kimi təqdim etməsinə baxmayaraq, əslində qondarma “artsax respublikasının” tanınması qətnaməsinin iflasa uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “lazımi dəstəyi” ala bilməməsi erməni və ermənipərəst dairələrdə, o cümlədən “artsaxın tanınmasına” dair qətnamə təkliflərini irəli sürən deputatlarda böyük narazılıq və ruh düşkünlüyü yaradıb:

“Belçika parlamentində əsas məqsədləri olan “artsaxın tanınması” ideyasına nail olmayan ermənilərin Fransa modeli puça çıxdı. Almaniya, Lüksemburq və Belçikadan sonra, müvafiq qətnamələrdə müəyyən sual yaradan məqamlar olsa belə, ancaq nəticədə qondarma rejimin tanınma məsələsində Fransa Avropada təklənib.

Qətnamə layihəsində sual yaradan və qərəzli xarakter daşıyan digər məqamlar üzrə Azərbaycan tərəfinin narazılığını, bu yanaşmanın siyasi və iqtisadi münasibətlərin inkişafına töhfə verməyəcəyinə, beynəlxalq hüquqa zidd olduğuna dair bəyanatımız tezliklə Belçikalı deputatlara çatdırılacaq”.

 

 

Məqaləni dərc edən xəbər saytları:

1.https://qafqazinfo.az/news/detail/fransadan-sonra-belcikada-lazimi-desteyi-ala-bilmemeleri-onlarda-ruh-duskunluyu-yaradib-307416

2.https://www.azerbaycan24.com/fransadan-sonra-belcikada-lazimi-desteyi-ala-bilmemeleri-onlarda-ruh-duskunluyu-yaradib/