MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

İmişli rayonunda Aranlı orta məktəbinin sanitar qovşaq problemini işıqlandıran müəllimə Leyla Nəcəfquliyevanın videosuna dair şərh

16:51 11.01.2023



İmişli rayonunda Aranlı Orta məktəbinin sanitar qovşaq problemini işıqlandıran müəllimə Leyla Nəcəfquliyevanın videosuna baxdım.
 
Birincisi onu etiraf edək ki, müəllim heyətinin gün ərzində kifayət qədər iş yükü olur, həm emosional həm də fiziki gərginlik keçirirlər. Müəllimlər nə qədər nümunəvi olmağa cəhd etsə də, yüksək etik standartlarına uyğun fəaliyyət göstərməyə çalışsa da, onlar robot deyillər. Hər bir müəllim öz düşüncəsini, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən fikir və söz azadlığı var. Ancaq bu azadlıqları da həyata keçirərkən onların fəaliyyətini tənzimləyən qanunların tələblərinə riayət etməli, digər tərəflərin hüquqlarına hörmətlə yanaşmalıdır.
 
İkincisi, Leyla Nəcəfquliyevanın məktəbin direktoru tərəfindən bir ay bundan əvvəl 2 gün işə gəlməməsinə görə töhmət almasını qınayıram. Çünki əgər töhmət verilməlidirsə, elə həmin vaxt verilməli idi. Əks halda töhmətin əsası leqal olsa da, səbəbi legitim görsənmir.
 
Bəs Leyla Nəcəfquliyevanın sanitar qovşaq problemi ilə bağlı çəkdiyi video haqqında müəllimlərin etik davranış qaydaları nə deyir?
 
Etik davranış qaydalarının 2.1.4-cü maddəsinə əsasən müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi təhsil müəssisənin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
 
Çox güman ki, sanitar qovşaq probleminin işıqlandırılması müəllimin peşə vəzifəsi deyil. Sanitar qovşağın sayının az olması (3 ədəd) və ya tam təmirsiz olması da qanunsuz fəaliyyət deyil. Ona görə də müəllimlər çalışdıqları təhsil müəssisələrinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Eyni zamanda müəllimənin təhsili baykot etməsi və buna çağırış etməsi ciddi müzakirə mövzusudur.
 
Mən burda həmin məktəbdə sanitar qovşağın sayının az olması və ya təmirsiz olmasına haqq qazandırmıram. Əksinə, bu sahədə dövlət siyasətini icra edən Elm və Təhsil Nazirliyi bütün məktəblər tərəfindən keyfiyyətli təhsil verməsi üçün bütün şəraiti təmin etməlidir. Ancaq müəllim həmin problemi işıqlandırmaqla həmin problem həll edilmədi.
 
Mənim dairəmdəki elə məktəb var ki, orada 1 sanitar qovşaq var. Bütün məktəbləri gəzib, təhsil müəssisələrin şəraiti ilə bağlı həm regional təhsil idarəsinə həm də Elm və Təhsil Nazirliyinə məlumat vermişəm. Onlarda dəqiq məlumat var. Bu il mənim dairəmdə olan Quruzma və Qalağayın məktəbləri yenidən tikiləcək. Bütün bu tədbirlər invesitisiya proqramı çərçivəsində həyata keçirilir. Eyni zamanda dairəmdə yenə də təmirsiz və ya qəzalı olan məktəblər yenə var. Hətta digər rayonlarda var. Ancaq dövlət bir ildə 70-80 təhsil müəssisəsi tikə bilir. Ona görə də başa düşürəm ki, mənim dairəmdə olan digər 7 məktəbi də 2023-cü ildə yenidən tikə bilməyəcək.
 
Sanitar qovşaq problemi olan məktəblərlə bağlı da TİKA ilə bütün məktəbləri bir-bir gəzmişik, əlavə resurs hesabına onların vaxtında əvvəl təmir olunmasına çalışırıq.
 
Düşünmürəm ki, bütün fəaliyyətimi problemlərin yalnız işıqlandırılmasına sərf etsəm, həmin problemlər həll ediləcək. Bütün problemlərlə bağlı aidiyyəti qurumlara deputat sorğusu və şifahi müraciətlər edirəm, hökumət üzvləri Milli Məclisə gələndə və ya digər vaxtlar sosial şəbəkələrdə rayonla bağlı konspetual problemləri səsləndirirəm.
 
Hansı problemlər ki, həll edilə bilər, onlar işçi qaydada daha tez həll edilir. Hansı problemin həlli çətindir, ictimailəşdirsən də həll edilmir. Misal üçün Sabirabad rayonunda 5 min rəsmi işsiz var. DOST MMC-də isə 700 iş yeri var. Bu isə o deməkdir ki, potensial 4300 insan DOST MMC-dən narazıdır. Bunun əvəzində biz də xüsusilə gənclərin peşə ilə təmin olunması üçün müxtəlif layihələr (SİRİ, SabirArt, DAĞ, Muğan Ağır Atletika) edirik. Mən məşğulluq proqramını yüksək qiymətləndirirəm, sadəcə sizə məqsədimi izah etməyə çalışıram.
 
Konkret yuxarıdakı hadisə ilə bağlı Elm və Təhsil Nazirliyinə tövsiyyəm ondan ibarətdir ki, il ərzində iki dəfə bütün direktor və müəllim heyətinə etik təlimlər keçirilsin. Bu cür hadisələr baş verəndə həmin müəllimə etik davranış qaydalarının tələblərini bir daha izah etsinlər, hadisənin bütün həssas məqamlarını nəzərə alaraq ədalətli qərar verirsinlər.
 
Digər tərəfdən hansı vaxtlarda hansı məktəblər təmir ediləcək və edilir – bu məlumatları da ictimaiyyət üçün açıqlasınlar. Çünki vətəndaşlar təmir edilən və ediləcək məktəblərin sayını və detallarını görəndə daha anlayışlı olacaqlar.
 
Üçüncüsü də müəllimənin əməlində (əgər söhbət videolardan gedirsə) heç bir cinayət tərkibi yoxdur. Mənim şəxsi təəssüratım ondan ibarətdir ki, müəllimə video çəkməyi xoşlayır. YouTube səhifəsi var, 27.8 min izləyicisi var, ümumilikdə videolarına 11 milyon baxış var. Ona görə sonuncu videosu baxış üçün edilmiş ola bilər. Bu cür sosial şəbəkə səhifəsinin olmasına da müsbət baxıram, əksinə müsbət təcrübələrin yayılmasına töhfə verə bilər.
 
Ancaq bəzi təhsil işçiləri də sosial şəbəkələrdən düzgün istifadə etmirlər. Misal üçün İmişli rayonundan olan təhsil işçisinin iddia edilən TikTok videosu. Onun adını və vəzifəsini yazmıram, çünki bu da pozuntudur. Məndə həmin videoda onun olması barədə dəqiq məlumat yoxdur. Əgər həqiqətən odursa, bu da etik davranış qaydasının pozuntusudur.