MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi etməyə nail olacağıq”

11:18 06.07.2023



“2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan təşkilata sədr seçiləndə bəziləri bu təşkilatın və bu təşkilata rəhbərliyin strateji əhəmiyyətini düzgün qiymətləndirmə bilmədilər. Nəzərə alsaq ki, 2-ci Qarabağ müharibəsi zamanı və 2022-ci ildə BMT-nin Təhlükəsiklik şurasında məhz Qoşulmama Hərəkatı ölkələrinin dəstəyi ilə Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısı alındı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov bildirib.

O qeyd edib ki, BMT-dən sonra ən böyük üzvə malik ikinci beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır:

“120 üzvü var. Nəzərə alsaq ki, hazrıda BMT adekvat olmayan fəaliyyəti ilə yeni dünya nizamında öz səmərəliliyini itirib, bu gün tam əminliklə demək olar ki, Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatına rəhbərlik edir. Bu isə Azərbaycanın təkcə regional formatda deyil, həm də yeni dünya nizamında tutduğu güclü mövqeyini göstərir.

Bütün bu uğurlar isə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. 

Azərbaycan təşkilata rəhbərlik etməyə başlayanda dünya COVID pandemiyası ilə üz-üzə qaldı, ölkələr nəinki beynəlxalq təşkilat formatında, öz daxillərində bu pandemiyaya qarşı mübarizə aparmaqda çətinlik çəkirdi.

Belə mürəkkəb vəziyyətdə COVID pandemiyasına qarşı mübarizədə qlobal səyləri birləşdirən ilk təşkilat Qoşulmama Hərəkatı oldu. Azərbaycanın təşəbbüsü ilə ilkin olaraq Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammit, daha sonra isə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Eyni zamanda Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Bununla da Azərbaycan göstərdi ki, qlobal problemlərə qarşı səyləri birləşdirmək ona qarşı mübarizə aparamağın ən effektiv üsuludur.

Azərbaycan Prezidenti təşkilatın institusional davamlılığını təmin etmək üçün Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. İndi isə qadınlar şəbəkəsi yaradılacaq.

Dünən təşkilatın Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi. Cənab Prezident həmin görüşdə bir neçə qlobal məsələ barədə korrekt və hədəfli mesajlar verdi. Hesab edirəm ki, bunlardan biri də Ermənistanın işğalının mənfi fəsadı olan minalarla bağlıdır.

Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı isə Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.

Minalar, eyni zamanda yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan özü milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib eyni zamanda qlobal səviyyədə də minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.

Əlbətdə biz deputatlar olaraq beynəlxalq təşkilatlar çərçivəsində və ya iki tərəfli münasibətlər çərçivəsində həmişə mina problemini qaldırmışıq. Ancaq hesab edirəm ki, cənab Prezident bu sahədə həyata keçirdiyimiz parlament diplomatiyası üçün  dəqiqləşmiş hədəf qoydu. Biz də çalışmalıyıq ki, müxtəlif beynəlxalq sənədlər, yazılı bəyanatlar, hesabatlar və müxtəlif alətlər vasitəsilə minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi etməyə nail olaq”.

 

 

Məqaləni dərc edən xəbər saytları:

1. https://qafqazinfo.az/news/detail/minatemizlemeni-18-ci-dayaniqli-inkisaf-meqsedi-etmeye-nail-olacagiq-405603