SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Prezident İlham Əliyev qarşıdakı 5 ilin sonunda Azərbaycanı necə görür?” - Kamal Cəfərov
Tarixi ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dəyişən qlobal təhdidlər fonunda özü üçün yeni və daha böyük sosial-iqtisadi strategiya müəyyən edir. Bu məqsədlə Prezident İlham Əliyev Azərbaycanın 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasını təsdiq etdi. Strategiyadan aydın olur ki, Prezident Azərbaycanı türk dünyasının və regionun İsveçrəsinə transformasiya etmək istəyir. İlkin olaraq qeyd etməliyəm ki, strategiyada müəyyən edilmiş hədəflər çətin görünsə də, Azərbaycan bu transformasiya üçün bütün sınaqlardan uğurla keçib və indi daha qüdrətli Azərbaycan üçün müvafiq bilik və resurslara malikdir.
Ən böyük resursumuz isə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasıdır. 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatının axtarışına çıxdığı, xarici və daxili münaqişələrdən keçərkən arzusunda olduğu və 1993-cu ildə öz iradəsi ilə geri qaytardığı Azərbaycançılıq ideologiyası... Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan milli qurtuluşumuz 2-ci Qarabağ müharibəsindəki böyük zəfərimizi şərtləndirən təməl olmuşdur.
Belə ki, 2-ci Qarabağ müharibəsində yaralanan yoldaşını canı bahasına qoruyan və onun qisasını alan mərd əsgərimiz onun Əli və ya Hüseyn, Denis və ya Avraam olmasını, şimaldan, cənubdan, qərbdən və ya şərqdən olmasını bir an belə düşünməyib. 2-ci Qarabağ müharibəsində döyüşən Azərbaycan gəncinin ürəyi müstəqillik hissi ilə döyünüb, beyni Azərbaycançılıq idelogiyası ilə düşünüb.
Azərbaycanın əsl sərvəti, resursu isə məhz budur. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hamımızın birliyidir. Bəziləri bu sərvətimizin əhəmiyyətini azaltmaq üçün bunu coğrafi yerləşmə və tarixi inkişafla əlaqələndirir. Bu əsla belə deyil. Qonşu ölkələr də bizimlə eyni coğrafiyada yerləşirlər, ancaq heç birində, hətta xristian ölkələrində belə Azərbaycanda olduğu qədər tolerantlıq, multikulturalizm, birlik yoxdur. Bu isə bizim anadangəlmə talantımız deyil, həyata keçirdiyimiz böyük siyasətin zəfəridir.
Azərbaycan tarixinin məhz bu anında yeni sosial-iqtisadi inkişaf strategiyasının təsdiq edilməsi də təsadüfi deyil. Bütün yaxın və qlobal təhdidlər fonunda Azərbaycan Prezidenti İlham Əliyev təsdiq etdiyi yeni strategiya ilə hər kəsə açıq mesaj verir: “Biz birik, güclüyük! Azərbaycanda heç bir fonda təxribat baş tutmayacaq. Azərbaycan xalqı kamilləşib və bundan sonrakı mübarizəmiz isə yalnız qüdrətli Azərbaycan və yüksək rifah cəmiyyəti üçündür.”.
Əlbətdə bu hədəflərimizi şərtləndirən müvafiq bazamız - müasir idarəetməmiz, sabit iqtisadiyyatımız, dayanıqlı və inkluziv inkişafımız var. Bu nailiyyətlərin isə ölçüləbilən indikatorları var.
Son 10 ildə milli iqtisadiyyat 15% böyümüş, 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuş, 2021-ci ilin sonunda valyuta ehtiyatlarımız ÜDM-nin həcminə bərabər olmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı neft ölkəsindən qeyri-neft ölkəsinə uğurla transformasiya edib. İlkin baxışdan bu göstərici neftdən əldə edilən gəlirin hesabına əldə edilmiş uğur kimi görsənə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycandan daha çox neft ixrac edən ölkələr var və hazırda həmin ölkələrin iqtisadiyyatı və sosial vəziyyəti göz qabağındadır. Misal üçün İraq, Nigeriya, Livya, Kolumbiya və s. Bu müqayisə düzgün idarəetmənin uğurunun göstəricisidir.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artıb. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıqməbləği 2,6 dəfə artırılıb.
Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər,habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərmişdir. 2003‒2021-ci illərdə 3400-dən çoxməktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir.
Son 10 ilin nailiyyət indikatoru çoxdur, lakin hesab edirəm ki, ən mühüm göstərici və şərt davamlı sabitlik olub. Yəqin ki, hər birimizin hazırda Avropada və ümumilikdə dünyanın müxtəlif ölkələrində illərlə davam edən müharibələrdən və müxtəlif xarakterli münaqişələrdən xəbəri var. Uzun müddət davam edən münaqişələrdə isə qalib olmur.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz cəmi 44 gündə tarixi ərazi bütövlüyümüzü bərpa etdi. Münaqişənin hərbi fazasını uğurla və ən əsası vaxtında bitirdik. Kəlbəcər, Laçın və Ağdam rayonlarını isə bir şəhid vermədən, diplomatiya yolu ilə geri qaytardıq. Bununla da Dağlıq Qarabağ münaqişəsinə son qoyduq.
Türkiyə ilə qardaşlığımızı Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə rəsmiləşdirdik. Şuşa Bəyannaməsi ilə bütün türk dövlətləri üçün yeni əməkdaşlıq modeli təqdim etdik. Azərbaycan Prezidenti İlham Əliyev 1 il ərzində türk dövlətlərinə səfər etməklə və müvafiq sənədləri imzalamaqla türk dünyasında strateji əməkdaşlığa təkan verən lider oldu. Qonşu ölkələr - Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər və imzalanan sənədlər qonşuluq əlaqələrin inkişafı üçün yeni zəmin yaratdı. Avropa İttifaqı ilə enerji sahəsində strateji əməkdaşlıq haqqında saziş imzalandı. Amerika ilə münasibətlər heç vaxt olmadığı qədər yüksək səviyyədədir.
Bütün bu uğurların fonunda hesab edirəm ki, xarici siyasətimizin ən böyük uğuru odur ki, Azərbaycan dünyanın yeni düzənində tərəf tutmağa məcbur edilə bilmir. Azərbaycanın daxili və xarici siyasətinin uğurları barədə göstəricilər çoxdur, strategiyanın nailiyyətlər hissəsində dəqiq təsbit edilib, marağı olanlar həmin hissədən ətraflı məlumat ala bilər.
Bəs Prezident İlham Əliyev qarşıdakı 5 ilin sonunda Azərbaycanı necə görür və bu məqsədlə hökumətin qarşısında hansı hədəfləri qoydu?
Birincisi Prezident İlham Əliyev istəyir ki, daha sağlam və rəqabətli biznes mühiti yaradılsın, ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4% artsın. Son 25 il ərzində dünyanın top 13 ölkəsinin milli iqtisadiyyatının artım göstəricilərini əsas tutsaq, milli iqtisadiyyatımız yüksək gəlirli ölkələr sırasına daxil olmağı hədəfləyir.
İkincisi qeyri-dövlət sektorunda məşğul əhalinin payının 80%-ə çatdırlması hədəflənir. Strategiyada qeyd edilir ki, məşğulluq səviyyəsi və əməkhaqları artacaq. Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75-70%-də saxlanılacaq. Qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılacaq və qadınların orta aylıq əməkhaqqlarının kişilərin orta aylıq əməkhaqqına nisbəti 80%-ə çatacaq. Bu istiqmətdə ən mühüm həfəd isə şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlərin azaldılmasıdır.
Üçüncüsü, məktəbəqədər təhsilə cəlb edilmiş 1-5 yaşlıların payı 50%-ə çatdırılacaq və məktəbəqədər təhsil keyfiyyətinin təminatı sistemi yaradılacaq. Təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq və bu sahədə də keyfiyyət artırılacaq. Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq. “Abşerona vadisi” innovasiya klasteri yaradılacaq, startapların bütün inkişaf mərhələləlri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaq.
Dördüncüsü, işğaldan azad edilmiş əraziələr Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin ediləcək, müasir infrstruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və “ağıllı” biznes modelleri yaradılacaq.
Beşincisi, təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ədək azalacaqdır. Əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatacaq. Energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaqdır. Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcəkdir. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcəkdir.
Strategiyada hər milli prioritet üzrə müxtəlif indikatorlara əsaslanan Tədbirlər Planı mövcuddur. Sənəddə icraçı qurumlar, müddətlər və tapşırıqlar dəqiq müəyyən edilib.
Ümumilikdə bu sənəd Azərbaycanın gələcək 5 illik inkişaf xəritəsidir. Hesab edirəm ki, nəinki dövlət qurumları və vəzifəli şəxslər, hər birimiz ilkin olaraq bir fərd kimi Strategiyada müəyyən edilmiş hədəflərə çatmaq üçün çalışmalıyıq. Birincisi bu bizim mənəvi borcumuz, ikincisi isə vəzifə borcumuz olmalıdır.
Məqaləni dərc edən xəbər saytları: